Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi sovetlər dönəmində bütün bölgələrlə bərabər Qarabağ bölgəsinə xüsusi diqqətlə yanaşmışdır. Dahi şəxsiyyət digər milli azlıqlardan fərqli olaraq ermənilərdə separatçılıq meyllərinin olduğunu yaxşı bilirdi. Bildiyimiz kimi Ulu Öndərin ata-babası, qohum-əqrəbası qədimdən Qərbi Zəngəzurda yaşamış, XX əsrin əvvəlində ermənilərin təcavüzü nəticəsində bu əraziləri tərk edib köçkün düşmək məcburiyyətində qalmışdır. Bundan əlavə Heydər Əliyevin 1941-1944-cü illərdə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri vəzifəsində işləməsi və 1944-cü ilin mayından isə dövlət təhlükəsizliyi orqanlarında əmək fəaliyyətinə başlaması gizlində saxlanılan və geniş ictimaiyyətə açıqlanmayan tariximizin məqamlarını öyrənməyə şərait yaratmış oldu. Tariximizi və tariximizin gizlədilmiş, yasaq olunmuş məqamlarını da dərindən bilən, sovetlər dövründə Azərbaycana rəhbərlik edən Heydər Əliyev bütünlüklə fəaliyyətini ölkəmizin gələcəkdə öz müstəqilliyini bərpa etməsinə kökləmişdi. Sovet imperiyasının qadağalarına, ciddi senzuraya, nəzarətə baxmayaraq Ulu Öndər daim azərbaycançılıq ideologiyasını, azərbaycançılıq məfkurəsini, milliliyi, mənəvi dəyərləri ön plana çəkmişdir. Heydər Əliyevin müdrikcəsinə dediyi aşağıdakı ifadələr bunun ən bariz nümunəsidir: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”. Bu fikirləri açıq bəyan edən Ulu Öndərin sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci il Azərbaycan SSR-nin Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsini xüsusi qeyd etmək lazımdır. Keçmiş Sovet İttifaqında bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan deyildi. Ermənilərin “Böyük Ermənistan” xülyasının mövcudluğu real fakt kimi Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Dahi şəxsiyyət ermənilərin Qarabağda kompakt yaşadıqları üçün onların bu boş xülyasının başlanğıcı kimi Azərbaycan ərazilərinə əsassız iddia qaldıracaqlarının mümkünlüyünü istisna etmirdi. XIX əsrin sonunda təşəkkül tapmağa başlayan erməni terror dəstələrinin XX əsrin əvvəlində, ortasında azərbaycanlıların öz ata-baba yurdlarından etnik təmizlənməsini həyata keçirməsi xronologiyasını yaxşı bilən Ulu Öndər 1967-ci ildə Xankəndi şəhərində milli zəmində yaranmış qarşıdurmanı yerindəcə boğdu. Həmin ildə Xankəndi şəhəri və ətraf ərazilərdə erməni millətçiləri qarşıdurma yaratmaq məqsədilə bir sıra məkrli niyyətlərini həyata keçirmişdilər. Belə ki, erməni millətçiləri tərəfindən müxtəlif vaxtlarda ermənilərə qarşı qətllər törədilir və qəsdən bu ölüm işləri açılmamış qalırdı. Nəticədə ermənilərdən ibarət kütlə müxtəlif vaxtlarda törədilmiş qətllərin azərbaycanlılar tərəfindən törədilməsi qənaətinə gəlirdi. Belə bir hadisə 1967-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində baş vermişdir. Belə ki, ermənilərlə azərbaycanlıların təhsil aldığı Qaradağlı kənd məktəbində bir erməni uşağı yoxa çıxır, səhərisi gün vəhşicəsinə qətlə yetirilmiş həmin uşağın meyiti yol kənarından tapılır. Bu hadisədən bir neçə gün sonra heç bir əsas olmadan məktəbin direktoru Ərşad Məmmədov və digər iki nəfər azərbaycanlı saxlanılır, məhkəmə olunur. Ölüm hökmü verilən bu insanlar hüquq-mühafizə orqanı işçilərinin əlindən alınaraq vəhşicəsinə qətlə yetirilir, yandırılır. Ermənilər 1988-ci ildən başlayaraq törətdikləri hadisələri 1967-ci ildə törətmək istəmişlər. Lakin onların bu planı həmin dövrdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri olan general-mayor Heydər Əliyev tərəfindən ifşa olunmuş, 39 nəfər erməni canisi həbs olunmuşdur. Bununla da sübut olunur ki, milli ədavət yaratmaq üçün bu qətl milliyyətcə erməni Edik Baqdasaryan tərəfindən törədilmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə artıq müxtəlif üsullarla heç bir “nəticə” əldə etməyən ermənilər torpaq iddiası qaldırmaq üçün hansısa bəhanə tapa bilmirdilər. Belə ki, digər iqtisadi rayonlar kimi ermənilərin kompakt yaşadığı bu ərazilərin sosial-iqtisadi inkişafı lazımi qədər təmin olunurdu. 1988-ci ildə ermənilər əsassız torpaq iddiası qaldırarkən onların ilk tələbləri iqtisadi tələblər idi. Demək, uzaqgörən və dahi siyasətçi Heydər Əliyev hələ 20 il əvvəl onların nəyi bəhanə edəcəyini yaxşı bilirdi. Ermənilər yaxşı bilirdi ki, Heydər Əliyev onların məkrli planlarını həyata keçirməyə imkan verməyəcəkdir. 1987-ci ilin oktyabrında Heydər Əliyevin vəzifədən uzaqlaşdırılması ilə ermənilərin Azərbaycana qarşı əsassız torpaq iddiaları başlandı və Azərbaycan torpaqlarının 20%-nin işğalı ilə nəticələndi. Azərbaycanın zorla sürükləndiyi Qarabağ problemi həmişə Heydər Əliyev siyasətinin mərkəzində olmuşdur. Elə bir tədbir olmamışdır ki, Ulu Öndər bu problemə toxunmasın. Dahi şəxsiyyət uzaqgörənliklə deyirdi: “Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə Azərbaycan yoxdur”. 44 günlük Vətən müharibəsində biz bunun bariz təzahürünü gördük. Ulu Öndərin bu fikri Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan əsgəri üçün torpaqlarımızın işğaldan azad olunma planının taktikasını müəyyənləşdirən əsas amildir. Rəşadətli Azərbaycan ordusu strateji, mənəvi əhəmiyyətə malik Şuşanı azad edəndən sonra Ermənistan kapitulyasiya aktını imzalamalı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad olunma müjdəsini verərkən demişdir: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, Böyük qələbədir!” Azərbaycanın bugünkü dinamik inkişafı onu deməyə əsas verir ki, xalqımız gələcəkdə də Böyük Qələbələr əldə edəcək. Bu Qələbələri təmin edən siyasət Heydər Əliyev siyasəti, Heydər Əliyev yoludur. Nəcəf Həsənov, Yeni Azərbaycan Partyası Xocalı Rayon təşkilatı idarə heyətinin üzvü, Xocalı RTŞ-nin aparıcı məsləhətçisi.